Yazını böyüt
Yazını kiçilt
Avropanın "taxıl ambarı" sayılan Ukrayna və Rusiya arasında gedən müharibəyə görə buğdanın qiymətinin son 14 ilin ən yüksək həddinə qalxıb, vəziyyət belə davam edərsə, yaxın vaxtlarda dünyada çörək böhranı yaşana bilər.
Hafta.az-ın yazdığına görə, bu barədə Almaniyada yayımlanan "Deutsche Wirtschafts Nachrichten"in yazarı, "Commerzbank"ın analitiki Karsten Fritsç bildrib. Fritsç deyib ki, hazırda Rusiya və Ukrayna dünya buğda tələbatının 30 faizini verir. Bu səbəbdən də buğda və hazır un bazarında müəyyən durğunluq yaranmaqdadır. Bu özünü həm buğda qıtlığı, həm də qiymətlərin yüksəlməsi fonunda göstərməkdədir.
Fritsç bildirib ki, günümüzdə dünyanın ən iri buğda ixracatçıları Avropa Birliyi, Rusiya, ABŞ, Kanada, Ukrayna, Argentina, Avstraliya və Qazaxıstandır. Hansı ki, bu ölkələrin özünün də taxıl ehtiyyatı azalmaqdadır.
"Hazırda dünyada mövcud olan taxıl ehtiyyatının həcmi 57 milyon tondur ki, bu da son 9 ilin ən aşağı göstəricisidir və cəmi 21 gün bəs edər bəşəriyyətə. Ukraynanın geniş zəmiləri əkilib-biçilmədən dünya fəlakətlə üzləşə bilər", - müəllif bildirib.
Bu arada, qeyd edək ki, Çikaqo hərracında (CBOT) buğdanın qiyməti 2008-ci ildən bu yana birmənalı şəkildə artım göstərib və yalnız son bir neçə həftə ərzində 40 faizdən çox yüksəlib.
Xatırladaq ki, ərazisinin 70 faizi münbit torpaqlar olan Ukraynanın 32 milyon hektarlıq əkilə bilən sahələri var. Bu da bütün Avropadakı əkilən torpaqların 34 faizi deməkdir. Son 20 ildir Ukraynanın kənd təsərrüfatında inkişaf qeydə alınırdı və ölkə taxıl ixracatına görə 5-ci yerə yüksəlmişdi.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, 2020-ci ildə Livan buğdanın 50, Liviya 43, Yəmən 22 faizini məhz Ukraynadan idxal edib.